Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.12.2015

“Dini radikalizmlə mübarizə: əsas hədəflər” adlı elmi-praktiki konfrans keçirilib

Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: əsas hədəflər” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Hadi Rəcəbli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri  dini icmasının sədri Milix Yevdayev, dini icma sədrləri, DQİDK-nın sədr müavinləri, şöbə müdirləri, YAP Səbail rayon təşkilatının fəalları və ziyalılar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev radikalizmin bu gün bütün dünya dövlətləri üçün ümumi problem olduğunu deyib. Dini radikalizmin yaranma səbəblərindən danışan YAP Səbail rayon təşkilatının sədri bu istiqamətdə dövlət tərəfindən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tarixən formalaşmış dövlət-din münasibətləri modelinin hansısa qüvvələr tərəfindən təhrif edilməsinə, başqa modellərlə əvəz olunmasına imkan verə bilmərik. Komitə sədri son vaxtlar qanunvericilikdə dini ekstremizmə qarşı mübarizə ilə bağlı dəyişiklikdən, yeni qaydalardan danışaraq, Azərbaycanda radikalizmə qarşı ciddi mübarizənin aparıldığını bildirib.
Milli Məclisin komitə sədri Eldar İbrahimov çıxışında Parlament tərəfindən qəbul edilmiş «Dini ekstremizmə qarşı mübarizə haqqında» Qanunun əhəmiyyətindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov qeyd edib ki, dini radikalizmlə mübarizədə əsas hədəf dini maarifləndirmə istiqamətində çoxşaxəli tədbirlərin həyata keçirilməsidir. Simran Həsənov bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət göstərdiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin komitə sədri Hadi Rəcəbli, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev ölkədə dini ekstremizmə qarşı mübarizədən və bütün dini icmalara yaradılan yüksək şəraitdən danışıblar.