26.05.2015
Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir keçirilib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində Bərdə rayonunda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində "Dini radikalizm və İslam dünyası" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini radikalizmi doğuran səbəblərdən danışaraq, Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasəti xüsusi vurğulayıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin anti-radikalizm siyasətinin əsas elementlərini təşkil edir.
Komitə sədrinin müavini mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Gündüz İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.