Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2019

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib

Aprelin 18-də Balakən Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Polis şöbəsi (RPŞ) və Balakən rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbində “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla  profilaktik işin təşkili qrupunun baş inspektoru Sahil Bayramov, Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbinin direktoru Aşənnə Mehdiyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Məktəbin direktoru Aşənnə Mehdiyeva tədbiri giriş sözü ilə açaraq keçirilən maarifləndirici tədbirin yeniyetmə və gənclərin sağlam ruhda, vətənini sevən şəxsiyyət olaraq yetişməsindəki əhəmiyyətindən  danışıb.

Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov dini radikalizmin yaratdığı fəsadlardan bəhs edib, cəmiyyətdə sabitliyi pozmağı özünə məqsəd seçən belə radikal qruplaşmaların qurbanlarının əsasən gənclər olduğunu vurğulayıb. F.Nəcəfov gənclərin radikalizm təhlükəsindən qorunmaları üçün təhsil amilinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq bildirib ki, bu gün Azərbaycandakı dövlət-din münasibətləri modeli, multikulturalizm, tolerantlıq dünyaya bir nümunədir. E.Atakişiyev dini radikalizmin və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında ətraflı məlumat verib, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edib.

Balakən RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla  profilaktik işin təşkili şöbəsinin baş inspektoru Sahil Bayramov dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirib, birgə mübarizənin önəmini vurğulayıb. S.Bayramov gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici ədəbiyyat paylanılıb.