22.02.2018
Dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Nuru İmanov və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev çıxışında bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində birgə yaşayır və mövcud vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühitinin mütərəqqi tarixi ənənələri var. O qeyd edib ki, hazırda dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq və həmrəylik müsəlman xalqları arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada tərəqqinin, sülhün bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaqdır.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov terrorizm, ekstremizm, radikalizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu bildirib. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töfhələrini verən, onu zənginləşdirən İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və onlarla dialoq, əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Tədbirdə daha sonra mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.