24.07.2017
“Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq təşkil olunub
İyulun 24-də Oğuz rayonunun Kərimli kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbüssü ilə “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, Şəki bölgəsi üzrə şöbənin əməkdaşları, Oğuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-treninqi giriş sözü ilə açan Oğuz RİH başçısı Aparatının nümayəndəsi Ayaz Ağayev mövzu ilə bağlı mühazirə edib.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Həmçinin qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği, eləcə də ənənəvi İslamın dirçəldilməsi məqsədi ilə hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.