Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.02.2017

“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsi 236 saylı tam orta məktəbdə 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Hatəm Gülməmmədov, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, məktəbin direktoru Xanlar İmaməliyev, Səbail RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Nağıyev, Badamdar qəsəbə bələdiyyəsinin nümayəndəsi Fəxrəddin Quliyev, din xadimi Sadiq Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi və dini dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Kərimov rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan tədbirlər barədə məlumat verib.
Daha sonra çıxış edən Səbail RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı A.Nağıyev hazırda dini radikalizmlə mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Din xadimi Sadiq Əsgərov dini radikalizmin yaranmasının əsas səbəblərindən söz açıb.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş etdirilib.