09.04.2015
"Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib
Aprelin 8-də Bakı Ali Neft Məktəbində (BANM) "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib.
Tədbirdə BANM-nin rektoru Elmar Qasımov konfransın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyətini vurğulayıb.
Rektor dünyada baş verən münaqişələrin yaranmasında radikal dini təriqətlərdən istifadə edildiyini, belə hadisələrin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb.
Mövzunun aktuallığını, bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayan M.Qurbanlı Komitənin əsas vəzifəsinin Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi olduğunu bildirib.
M.Qurbanlı Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin tolerantlığa əsaslandığını və məzhəblərarası yaxınlaşmanın təmin olunmasına yönəldiyini, radikal dini düşüncələrin doğurduğu təhlükələri başa düşərək bu məsələdə prinsipial mövqe tutduğunu qeyd edib.
Dinlərini yaranma tarixi haqqında məlumat verən akademik Vasim Məmmədəliyev ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi barədə məlumat verib. V.Məmmədəliyev gəncləri dini radikalizmin təhlükəsindən qorumaq, onların radikal dini cərəyanların təsiri altına düşməmələri üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Konfransda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.