Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.08.2016

“Dini radikalizm və xurafat – bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilib

Avqustun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizm və xurafat – bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndələri, media təmsilçiləri, eləcə də ilahiyyatçılar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək tədbirin keçirilməsində məqsədin dini radikalizm və onun fəsadları, bu bəlanın qurbanına çevrilən insanlar, xurafat və onun törətdiyi fəsadlarla bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaq olduğunu bildirib. Sədr müavini Dövlət Komitəsi tərəfindən dini radikalizm və xurafata qarşı hüquq-mühafizə orqanları, QMİ, eləcə də digər aidiyyəti qurumlarla birgə aparılan mübarizə tədbirlərindən danışıb. O bildirib ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, İslamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini radikalizm və xurafat arasında ciddi fərq olmadığını deyən Gündüz İsmayılov hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayıb. 
Onun sözlərinə görə, əgər din pərdəsi altında qadın hüquqlarına təhdidlər, erkən nikahla bağlı problemlər, eyni zamanda dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən də olsa çıxışlar varsa, bunlar da xurafatla mübarizə çərçivəsində nəzərdə tutulan məsələlərə aiddir.
Dini radikalizm və xurafatla mübarizədə KİV-in də üzərinə böyük missiya düşdüyünü önə çəkən Dövlət Komitəsi sədrinin müavini bu sahədə medianın böyük potensiala malik olduğundan və bu imkanlardan istifadənin vacibliyindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov bildirib ki, vaxtında qarşısı alınmazsa, xurafat dini radikalizmə aparıb çıxarır. O deyib ki, din kimi həssas mövzudan yazmaq üçün jurnalistlərin müəyyən hazırlığı olmalıdır. Təəssüf ki, xurafat, dini radikalizmlə mübarizə adı altında bəzi media orqanlarında işıq üzü görən yazılar əslində əks məqsədə xidmət edir. QMİ tərəfindən jurnalistlər üçün 2-3 günlük seminar keçirilməsinə də ehtiyac var və bu istiqamətdə addım atılacaq. 
Sonra çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov, həmin şöbənin aparıcı elmi işçisi Elsevər Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, yazıçı-publisist Xanəmir Telmanoğlu, ilahiyyatçı İlqar İsmayılzadə dini radikalizm və xurafatla mübarizədə maarifləndirmə işinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir müzakirələrlə davam edib.