24.08.2015
“Dini radikalizm və onunla mübarizə” mövzusunda tədbir keçirilib
Avqustun 23-də Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini radikalizm və onunla mübarizə” mövzusunda Dəyirimi masa keçirilib. Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, qazı Qəni Axundzadə, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Lənkəran, Astara, Lerik rayonları üzrə dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov radikalizmlə mübarizənin müasir dövrdə dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğunu bildirib, problemin həllinin yalnız inzibati medotlarla deyil, onun ilkin çözümünün ideoloji müstəvidə aktiv iş aparılmasından və bu sahədə ictimai qınağın effektiv təsirlərindən yararlanmağın əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov müasir dövrdə dövlətin dinə və dindarlara olan qayğısından, dindar vətəndaşlar üçün yaradılmış yüksək şəraitdən danışıb. O, bildirib ki, ölkədə yüksək dini dözümlülük mühiti olduğu halda, müəyyən radikal qrupların meydana çıxması, ümumiyyətlə dindarlar arasında radikallığa meyillilik süni xarakter daşıyır və bu bilavasitə müəyyən xarici təsirlərlə əlaqəlidir. Ölkə əhəmiyyətli ictimai-siyasi hadisələr ərəfəsində belə qrupların aktivləşməsinin təsadüfi olmadığını vurğulayan Ə.Zülfüqarov dini icmaların daha həssas davranaraq bu məsələyə diqqət artırmalarını, dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib.
QMİ-nin səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin yüksək mənəvi, ümumbəşəri dəyərlərindən danışmış, radikallığın bu dinlə bağlaşmadığını vurğulayaraq, müxtəlif dairələrin radikal fikirləri müsəlmanlar arasında yaymaqda maraqlı olduqlarını diqqətə çatdırıb. O, bildirib ki, dindarlar arasında radikallığa meyilliliyin əsas səbəblərindən biri dini savadsızlıqdır. Bu baxımdan hər bir din xadimi maarifləndirmə sahəsində öz üzərinə düşənləri lazımi şəkildə yerinə yetirməlidir. Radikalizmlə mübarizədə dini icmaların dövlət qurumları ilə əlaqəli işləmələrinin vacibliyini bildirən Q. Axundzadə bu sahədə birgə əməkdaşlığın problemin həllində oynayacağı roldan danışıb.
Sonda dəyirmi masa iştirakçılarının da fikirləri dinlənilib. Tədbirin əhəmiyyətini vurğulayan dini icma sədrləri və din xadimləri dövlətin bu sahədə qayğısını, insanların öz etiqadlarına uyğun yaşamaları üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək, bundan sui-istifadə edən radikal qruplara qarşı birgə mübarizədə həmrəy olduqlarını ifadə ediblər.