28.10.2015
“Dini radikalizm və onun təhlükələri” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yevlax şəhər Xaldan kənd "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikalizmin təsirlərindən qorunması” layihəsi çərçivəsində oktyabrın 28–də Yevlaxın Xaldan kənd “Cümə” məscidində “Dini radikalizm və onun təhlükələri” mövzusunda ikinci maarifləndirici tədbir keçirilib.
Xaldan kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, dini icmanın sədri Vaqif Xəlilov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi İlkin Abbasov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi və Yevlax şəhər “Cümə” məscidinin axundu Hacı Namiq Əliyev, “Cümə” məscidinin imamı Nəsib Xəlilov və dindarlar, dini icmanın üzvləri, Xaldan kəndi ilə yanaşı əraziyə yaxın olan 3 kəndin - Yenicə, Aşağı Bucaq və Əkşəm kəndlərinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Natiq Əfəndiyev qeyd edib ki, əslində bütün dinlər sülhü, əmin-amanlığı, insanların bir-birinə ehtiramını və bərabərliyi təşviq edir. Amma dinlərin daxilində zamana bağlı olaraq radikal qruplar meydana gəlib və indi də gəlir: “Radikal qruplar bütün dinlərin içərisində var və onlar din pərdəsi altında müxtəlif siyasi maraqlarını həyata keçirmək istəyirlər.
Tədbirdə çıxış edən Xaldan kənd “Cümə” məscidi dini icmasının sədri Vaqif Xəlilov isə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə ekspert qismində iştirak edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi İlkin Abbasov, “Dini radikalizm və onun fəsadları” mövzusunda geniş məruzə ilə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıb. İlkin Abbasov bildirib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Bu qruplar İslamı daxildən dağıtmağa, bu dini zəiflətməyə, gözdən salmağa çalışırlar.
Tədbirdə eyni zamanda Xaldan kənd bələdiyyə sədri Akif Pirməmmədov, dini icmanın üzvləri Bayram Yusifov, din xadimləri Hacı Namiq Əliyev, Nəsib Xəlilov, Rza İsmayılov və Əkşəm kənd məscidi dini icmasının sədri Ehsan Əhmədov da çıxış edərək mövzu ilə ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.

