Dini radikalizm cəmiyyət üçün təhlükədir
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Talalar kənd 2 saylı tam orta məktəbində “Dini radikalizm cəmiyyət üçün təhlükədir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu Talalar kənd 2 saylı tam orta məktəbinin direktoru Arif Həsənov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Həsənov gənc nəsil arasında maarifləndirmə və təbliğat işinin aparılmasının vacibliyindən danışıb, keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev dini radikalizmin mahiyyəti, din pərdəsi altında radikal dini cərəyanların aqressiv təbliğat metod və vasitələri, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verib.
Tədbirdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, filmin əhəmiyyətindən bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

