13.07.2015
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan, Masallı və Lənkəran bölgəsi üzrə şöbələri üçün seminar-treninq keçirilib
İyulun 11-də Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan, Masallı və Lənkəran bölgəsi üzrə şöbələrinin əməkdaşları üçün seminar-treninq keçirilib. DQİDK-nin ştat vahidinin artırılması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar olaraq Komitənin bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsi məqsədi ilə keçirilən seminar-treninqdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Komitənin Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oktay Hüseynov, Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini təhsil sektorunun müdiri vəzifəsini icra edən Anar Əlizadə, sektorun baş məsləhətçisi Anar Əliyev, Şirvan bölgəsi üzrə şöbənin müdiri Aydın Alıyev, Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov, Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov və şöbələrin əməkdaşları iştirak ediblər.
Seminarda Dövlət Komitəsinin sədr müavini S.Heydərov DQİDK-nın ümumi iş prinsipi və qarşıya qoyulmuş strateji hədəflər barədə geniş məlumat verərək, bölgədəki dini durum, eləcə də regionun özünəməxsus cəhətlərindən danışıb.
Daha sonra şöbə müdiri Ə.Zülfüqarov əməkdaşların fəaliyyət istiqamətləri ilə yanaşı, dövlət qulluqçusunun etik davranış qaydası, kargüzarlıq işinin təşkili, arayış və hesabatların hazırlanması metodologiyası və digər bu kimi məsələlər haqqında seminar iştirakçılarına məlumat verib.
Tədbirdə Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri vəzifəsini icra edən A.Əlizadə çıxış edərək dini təhsil sahəsi və qeyri-müsəlman cərəyanların ölkəmizdəki fəaliyyəti, eyni zamanda bu istiqamətdə görüləcək işlər barədə danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.