03.05.2016
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə növbəti maarifləndirmə tədbiri keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Xaçmaz kənd 1 saylı tam orta məktəbində keçirilən tədbirdə dini icma üzvləri, kənd ağsaqqalları, ziyaylılar eləcə də məktəblilər iştirak ediblər. Tədbiri dini icmanın sədri Fəxrəddin İslamlı açaraq mövzunun əhəmiyyətindən danışıb.
Sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev çıxış edərək ölkəmizdə multikultural və tolerant mühiti, dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyəti, dövlət-din münasibətlərindən, Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində görülən işlər haqqında ətraflı məlumat veriblər.
Daha sonra çıxış edən Oğuz şəhər “Cümə” məscidinin imamı Şövkət Cəlilov İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsrlərin İslam dininə yad olmasından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.