Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 6-da Abşeron rayonunun Məhəmmədi kəndində "Dinimizi düzgün tanıyaq və düzgün tanıdaq!" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Məhəmmədi kənd məscidi dini icmasının sədri, məscidin axundu Fərzəli Şərifov layihənin məqsədləri, layihə çərçivəsində görüləcək işlər barədə məlumat verilb. Qeyd edilib ki, layihənin reallaşdırılmasında əsas məqsəd dini dəyərlərin düzgün çatdırılmasıdır.
Tədbirdə daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə Azərbaycan dövlətinin uğurlu din siyasətindən, ölkəmizin bütün dünyaya tolerantlıq örnəyi olmasından danışıb. O, reallaşdırılan hər bir layihənin cəmiyyətimizin multikultural dəyərlərinin inkişafına töhvə verməli olduğunu deyib. Vurğulanıb ki, mənəvi dəyərlərimizin öyrənilməsi, qorunması və təbliğinin özü ölkəmizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində təşkil ediləcək tədbirlərin aktiv fikir mübadiləsi şəraitində keçirilməsinin zəruriliyini qeyd edib. O, həmçinin İslam dinində əlamətdar günlərdən sayılan Həzrəti Məhəmmədə peyğəmbərliyin verildiyi gün – Məbəs bayramı münasibəti ilə dindarları təbrik edib.
Abşeron Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov bu layihənin reallaşdırılan ikinci layihə olduğunu, bu cür layihələrin həyata keçirilməsinin rayonda dini dəyərlərin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu tədbir ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən keçirilib.