06.03.2015
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından bu müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Dövlət müşaviri Kamal Abdullayev görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin, müvafiq tövsiyələrini verib.
Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlər bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib. Müşavirənin sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha da yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.