Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı onlayn toplantı keçirilib
Dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının, bölgə şöbə müdirlərinin və əməkdaşlarının iştirakı ilə dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluğunda çalışma və digər məsələlərlə bağlı videokonfrans formatında onlayn toplantı keçirilib.
Komitənin Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva və şöbənin tərkibində Kadrlarla iş sektorunun müdiri Aqşin Əliyev toplantıda “Etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış ediblər. Toplantı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları üzrə məsələlər əhatə edilməklə keçirilib.
Görüş zamanı iştirakçılar tərəfindən dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı gələcəkdə mütəmadi konfrans və treninqlərin keçirilməsinin vacibliyi mövzusunda müzakirələr aparılıb və təkliflər səsləndirilib.

