Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.06.2016

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Zərərli vərdişlərə qarşı mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayon idarələrinin nümayəndələri, Abşeron rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi ilə birgə təşkil edilən tədbir “26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü”nə həsr olunub.
O qeyd edib ki, bu gün cəmiyyətdə zərərli vərdişlərin qarşısının alınması üçün maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var. Natiq maarifləndirmə işi düzgün qurulduqda nəinki narkomaniyaya qarşı, digər bütün zərərli vərdişlərə, o cümlədən dini radikalizmə qarşı ciddi nəticələrin ortaya qoyula biləcəyini diqqətə çatdırıb.
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxışında gənclər arasında narkomaniya meyillərinin qarşısının alınması üçün ciddi addımların atılmasının zəruriliyini qeyd edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə “Narkomaniya və dini radikalizm – cəmiyyətin iki bəlası” mövzusunda çıxış edib. Çıxışda qeyd edilib ki, bu gün Azərbaycan dövlətinin günü-gündən qüdrətləndiyini görən qüvvələr cəmiyyətə özünə inamsızlıq hislərini aşılamaq üçün dini radikalizm və narkomaniyadan ən güclü vasitələr kimi istifadə etməyə çalışırlar. Çünki  hər iki bəlanın əsas hədəfi özünüdərkin zəiflədilməsidir. Bu vasitələrdən biri cəmiyyətin fiziki, digəri isə mənəvi məhvinə xidmət edir. Bu cəhətdən Azərbaycan dövləti hər iki problemlə ciddi şəkildə mübarizə aparır. O qeyd edib ki, əgər inzibati metodlarla mübarizə əsasən problemin nəticələrini aradan qaldırmağa hesablanıbsa, ideoloji metodlara mübarizə yolu ilə bu problemlərin səbəbləri aradan qaldıla bilər. Bu məsələdə isə təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov rayonda bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.