Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2014

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sumqayıt şəhərində iftar süfrəsi təşkil edib (Foto)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən əvvəlcədən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Sumqayıtda ənənəvi iftar süfrəsi təşkil edib. İftar süfrəsinə şəhərdəki dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.
Mərasimdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun Ramazan ayı ərzində həyata keçirdiyi tədbirlərdən danışıb və bu tədbirlərin respublikanın bütün bölgələrini əhatə etdiyini bildirib. G.İsmayılov qeyd edib ki, ölkə dindarlarının Ramazan ayını öz inanclarına və milli-mənəvi dəyərlərimizə uyğun keçirmələri üçün dövlət tərəfindən bütün zəruri şərait yaradılıb.
G.İsmayılov bildirib ki, Ramazan ayına təkcə dini nöqteyi-nəzərdən yanaşılmamalıdır. Çünki Ramazan həm də vəhdət və qardaşlıq ayıdır. Bu ayda birliyimizin və qardaşlığımızın güclənməsinə xidmət edən tədbirlərə daha çox üstünlük verilməlidir: “Ramazan ayında təbliğatımızı təkcə dini məsələlər ətrafında deyil, həm də vətənimizin, dövlətimizin ümumi maraqları müstəvisində qurmalıyıq. Bu baxımdan ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz, onların ailələri, qazilərimiz ön planda olmalı, xütbələrdə, dualarda onlar həmişə uca tutulmalıdırlar”.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt şəhəri üzrə qazısı Rauf Sərdarov Dövlət Komitəsi tərəfindən iftar süfrəsinin təşkil olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan dövlətini müdafə etmək və onun inkişafı üçün çalışmaq hər bir dindarın müqəddəs borcudur: “Dindarlarımız təəssübkeş müsəlman olduqları kimi həm də təəssübkeş Azərbaycanlı olmalıdırlar. Vətənimizin və dövlətimizin inkişafı üçün çalışmaq həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur”.