Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2014

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada və Lerikdə iftar süfrəsi təşkil edib (Foto)

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada ənənəvi iftar süfrəsi təşkil edib. “Şane” otelində təşkil olunmuş iftar süfrəsinə rayondakı dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları və Quba rayon İcra Hakimiyyətinin əməkdaşları qatılıblar. İftar süfrəsində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Həmçinin iftar süfrəsində iştirak edən şəhid ailələrinə Dövlət Komitəsi adından Ramazan sovqatı payalanılıb.
Mərasimdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun Ramazan ayı ərzində həyata keçirdiyi tədbirlərdən danışıb və bu tədbirlərin respublikanın bütün bölgələrini əhatə etdiyini bildirib. G.İsmayılov qeyd edib ki, ölkə dindarlarının Ramazan ayını öz inanclarına və milli-mənəvi dəyərlərimizə uyğun keçirmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılıb: “Bu gün Prezident İlham Əliyevin din sahəsinə, o cümlədən milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğının nəticəsidir ki, tarixi-dini abidələrimiz bərpa olunur, zəngin mənəvi irsimiz yaşadılır və ölkə dindarları sərbəst şəkildə ibadətlərini həyata keçirilər. Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada Dövlət Komitəsi və ya yerli icra hakimiyyəti orqanları tərəfindən iftar süfrələri təşkil edilməsin. Təkcə bu fakt həm müstəqilliyimizin bəhrəsinin, həm dövlətimizin qayğısının, həm də birliyimizin və qardaşlığımızın göstəricisidir”.
G.İsmayılov bildirib ki, Ramazan ayına təkcə dini prizmadan baxılmamalıdır. Çünki Ramazan həm də vəhdət və qardaşlıq ayıdır. Bu ayda birliyimizin və qardaşlığımızın güclənməsinə xidmət edən tədbirlərə daha çox üstünlük verilməlidir: “Ramazan ayında təbliğatımızı təkcə dini məsələlər ətrafında deyil, həm də vətənimizin, dövlətimizin ümumi maraqları müstəvisində qurmalıyıq. Bu baxımdan ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz, onların ailələri, qazilərimiz ön planda olmalı, xütbələrdə, dualarda onlar həmişə uca tutulmalıdırlar”.
Dövlət-din münasibətlərinə toxunan Dövlət Komitəsinin nümayəndəsi milli dövlətçiliyimizin qorunmasında və ölkəmizin inkişaf etməsində din xadimlərinin və dindarların üzərinə böyük yük düşdüyünü qeyd edib. O deyib ki, Azərbaycan gücləndikcə və iqtisadi cəhətdən inkişaf etdikcə bunun nəticəsini hər bir ölkə vətəndaşı, o cümlədən din xadimləri, dindarlar da əyani şəkildə görür və hiss edirlər: “Prezidentimizin göstərişinə əsasən, artıq ibadət evləri qaz üçün ödəniş etmirlər. Eyni zamanda, dövlət başçısının tövsiyəsi ilə hər il Qafqaz Müsəlmanları İdarəsinə və qeyri-islam dini icmalarına maddi yardım göstərilir. Dövlətimizin imkanları artdıqca bu sahəyə qayğı da artır”.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndələri Elnur Əfəndiyev və Mirələsgər Məmmədov Dövlət Komitəsi tərəfindən iftar süfrəsinin təşkil olunmasını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, dövlətimizi müdafiə etmək və onun inkişafı üçün çalışmaq hər bir dindarın müqəddəs borcudur: “Dindarlarımız təəssübkeş müsəlman olduqları kimi, həm də təəssübkeş azərbaycanlı olmalıdırlar. Vətənimizin və dövlətimizin inkişafı üçün çalışmaq həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur”.
Şəhid ailələri adından çıxış edən Anar Hümmətov iftar süfrəsinə dəvətə və Ramazan sovqatına görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür tədbirlər həm dindarlara, həm də şəhid ailələrinə dövlət qayğısının təsdiqidir.