Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi DSX ilə birgə seminar-treninq keçirib
Noyabrın 20-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, hərbi hissənin komandiri polkovnik Azad Abdullayev, hərbi hissənin zabitləri polkovnik-leytenant Səbuhi Dadaşov, polkovnik-leytenant Bəhruz Qasımov, eləcə də gizir, çavuş və əsgər heyəti iştirak ediblər.
Tədbir Vətən uğrunda şəhid olan igidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və dini radikalizmə qarşı mübarizə üsulları haqqında məlumat verilib. Bildirilib ki, dini radikal qruplar gəncləri öz təsirləri altına cəlb etməyə, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Dini radikalizmin törətdiyi fəsadlardan və bu sahədə hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edilib.
Tədbirdə, həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.




