Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.11.2017

Dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Abşeron rayonu Saray qəsəbə “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Ənənəvi islamın zəiflədilməsi cəhdlərinə qarşı dindarların qarşısında duran vəzifələr” mövzusunda növbəti dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, dini icmanın sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, qəsəbə sakinləri, icma üzvləri iştirak ediblər.
İcma sədri B.Cəfərov Dövlət Komitəsinin həyata keçirdiyi bu kimi tədbirlərin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, cəmiyyətin və dindarların belə tədbirlərin mütəmadi keçirilməsinə ehtiyacı çox böyükdür. İcma sədri bəzi “möminlərin” neqativ hərəkətlərindən məyus olduğunu dilə gətirərək bu cür halların aradan qaldırılması üçün hər bir inanclı insanın üzərinə müəyyən vəzifələrin düşdüyünü vurğulayıb.
Mövzunu DQİDK-in Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov davam etdirib. İştirakçıların istəyinə uyğun olaraq o, əvvəlcə Dövlət Komitəsinin yaranması, strukturu, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və tədbirlər haqqında ətraflı məlumat verib. Ardınca tədbirin mövzusu ilə bağlı çıxış edən natiq qədim dövrlərdən ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsindən, digər xalqların və dinlərin nümayəndələrinə qarşı mövcud olmuş dözümlülük mühitindən  bəhs edib və fikirlərini  tarixi faktlarla əsaslandırıb. Müasir dövrdə bu mövqeyin, qorunub saxlanılmasının çətin olduğunu qeyd edən Ş.Məmmədov dövlətin bununla bağlı gördüyü işləri diqqətə çatdırıb və cəmiyyətin, xüsusən dindarların bu sahədə çox iş görməli olduqlarını vurğulayıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.