Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.04.2016

Dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Zaur Eyvazov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralıların isə  tezliklə şəfa  tapmaları   arzu edilib.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur  Eyvazov Həzrəti Məhəmməd (s) peyğəmbərin döyüş mövqelərində növbə gözləməyin fəziləti haqqında bir hədisini - “İki göz var ki, onlara Cəhənnəm atəşi toxunmayacaq. Biri Allah qorxusundan ağlayan göz, digəri Alah rızası üçün gecə növbə çəkən göz” iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra  tədbirdə “Vətən həmrəy olanlarındır” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dinimizə görə bir gecə sərhəd boyunca növbə gözləməyin gündüzləri orucla, gecələri ibadətlə keçirilən bir aydan daha xeyirli olduğunu bildirib. Əzim Rəfiyev milli xüsusiyyətlərimizi “Vətən” anlayışında cəmlədiyimiz üçün Vətənin bizə çox müqəddəs, sərhədinin isə toxunulmaz və əziz olduğunu diqqətə çatdırıb.  
Tədbirdə çıxış edən Rauf Nəsirov, 1-ci Qarabağ müharibəsi əlili Ələmdar Bayramov və Qarabağ döyüşçüsü Telman Salmanov da Vətənin, dövlətin və müstəqilliyin Allahın bizə bəxş etdiyi bir nemət olduğunu söyləyərək bu nemətin qədrini bilməyə səsləyiblər.
Sonda iştirakçılara “İslamda Vətən və dövlət sevgisi” adlı kitablar hədiyyə olunub.
* * *
Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Elmin və mədəniyyətin beşiyi olan qədim Şamaxı” adlı tədbir keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, dini icma üzvləri, Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edənlər Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı “Cümə” məscidinin tarixi, o cümlədən xalqımızın həyatında, mədəniyyətində xüsusi rol oynamış, Şamaxı rayonunda yaşayıb yaratmış ədiblər, mütəfəkkirlər haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.