06.11.2015
Dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasında dini maarifləndirmə istiqamətində tədbir keçirilib. Tədbirdə Muğanlı və ətraf kəndlərdən olan dindar və ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Muğanlı kənd məscidi dini icmasının sədri Süleyman Ağayev layihənin məqsədindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vüqar Hümmətov Dövlət Komitəsinin ümumilikdə respublikada dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Vüqar Hümmətov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına müsbət təsir edəcəyini bildirib.