Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.01.2017

Dini maarifləndirmə tədbirləri uğurla davam edir

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay şəhər “Mərkəz” məscidi dini icması tərəfindən həyata keçirilən “Birgəyaşayış ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayonu Yeniarx kənd Mədəniyyət Evində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Göyçay şəhər “Mərkəz” məscidi dini icmasının sədri Müşviq Əsgərov, dini icma sədrləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Dini icmanın sədri Müşviq Əsgərov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihə çərçivəsində dinimizin bizi birliyə, vəhdətə çağırdığı barədə mühazirə və diskussiyaların təşkil ediləcəyini bildirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev məruzə ilə çıxış edərək Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olmasıyla yanaşı,özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunə olduğunu qeyd edib.  Ə. Rəfiyev Azərbaycan Respublikasının Prezidentinin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsini dövlətin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirib.
Daha sonra çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov bildirib ki, İslamı və müsəlmanları dinlərarası zorakılıq, sülhə düşmən kimi göstərmək istəyənlərə veriləcək  cavab onları İslam tarixinə baxmağa dəvət etməyimiz olmalıdır.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar iştirakçılara təqdim edilib. 

Qeyd eək ki Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.