Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2017

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” layihəsi çərçivəsində “İslamda vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Tural Şahmarov, Muğan kənd tam orta məktəbinin direktoru Aygün Məlikova, dini icma sədri Həmzəxan Məhərrəmov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Aygün Məlikova bildirib ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirovun sözlərinə görə vətənpərvərlik ülvi bir hiss olduğundan bütün yazılı mənbələrdə,  dinlərdə və məzhəblərdə bu amilə xüsusi diqqət yetirilib, Vətənin müdafiəsi, onun qorunması vacib hesab olunub. Şöbə müdiri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində məktəbin və müəllimlərin rolunu yüksək qiymətləndirib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov isə deyib ki, radikal dini qrupların fəaliyyəti dini dəyərlərin səhv qavranılmasına, davranışlarda kriminal xarakterli sapıntılara yol aça bilər. Odur ki, İslamın mahiyyəti gənclərə doğru-düzgün izah edilməli və bu yöndə məqsədyönlü siyasət davamlı şəkildə aparılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.