Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2017

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə yanvarın 26-da Salyan rayonu Ərəbqardaşbəyli kəndi “Keçmiş Ərəbbəbirxanlı” məscidi dini icmasında “İslam dini və Tolerantlıq” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin  müdiri Azər Sadıqov, Salyan Rayonu İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir  müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, dini icma sədri Əli Səfərov, icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak edibər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işindən danışıb. O, eləcə də dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların fəaliyyətində aktivlik yaratdığı bildirib.
Salyan RİH-in əməkdaşı Aqşin Babayev dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliği işindən, tolerant və multikultural dəyərlərdən söhbət açıb.
Dini icma sədri Əli Səfərov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirilir.