Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2016

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində “Dini radikalizm milli dəyərlərimizə qarşı yönəlmişdir” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Abbas Əliyev tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımının göstərilməsi üçün imzaladağı Sərəncama uyğun olaraq həyata keçirilir.
Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dininin böyük rolu var. Şöbə müdirinin sözlərinə görə, radikal dini düşüncələrin yayılması xalqımızın qədim dövrlərdən sahib olduğu ənənəvi dini dəyərləri ilə yanaşı, milli dəyərlərinə də mənfi təsir göstərir.
Daha sonra  çıxış edən Şəki şəhər Mərkəzi Cümə Məscidinin imamı Əlyəsə Əslanov dinə, dindarlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.