11.03.2016
Dini maarifləndirmə tədbirləri davam edir
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Xəzər rayonu Türkan qəsəbəsi “İmam Hüseyn” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, şöbənin əməkdaşı Novruz Nuriyev, “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov, məscidin axundu Miralim Məmmədov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Anar Kazımov dövlət-din münasibətləri, dini maarifləndirmə işinin təşkili və dövlətimizin dinə və dindarlara qayğısından bəhs edib, Azərbaycan dövlətinin dünyəvi dövlət prinsiplərindən çıxış edərək, milli-mənəvi dəyərlərimizə hər zaman önəm verdiyini vurğulayıb. Daha sonra Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, “İmam Hüseyn” məscidi dini icmasının sədri Rasim Kazımov və məscidin axundu Miralim Məmmədov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
***
Sabunçu rayonu Sabunçu qəsəbə Cümə məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Gündüz Süleymanov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Sabunçu qəsəbə Cümə məscidi dini icmasının sədri Zahir Mehtiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov İslamın vəhdət və birlik prinsiplərindən, Azərbaycan məscidlərində vəhdət və birliyə çağırışlar üçün atılan müsbət addım və təşəbbüslərdən söhbət açıb. Sonda Sabunçu qəsəbə Cümə məscidi dini icmasının sədri Zahir Mehtiyev və dindarlar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
*** Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasında martın 11-də “Ənənəvi islam dini Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasının sədri Yaşar Rzayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev çıxış edərək bildiriblər ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi din sahəsində də ölkə vətəndaşları arasında düzgün təbliğat aparılmasına dəstək verməkdədir. Həyata keçirilən bu layihə vasitəsilə hər kəsə çatdırmaq istəyirik ki, İslam dini Azərbaycanda dərin köklərə malik bir dindir və daima bu dinə etiqad edənlər sülhə və qardaşlığa çağırışlar ediblər.
Tədbirin sonunda dini icma sədri Yaşar Rzayev çıxış edərək dini icmaya göstərdiyi dəstəyə görə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı şəhər “Cümə” məscidi dini icması tərəfindən mart 10-da “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “İslam olduğu kimi” adlı tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavid Əhmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, Şamaxı şəhər 1 saylı tam orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər İslam dininin insanlığa aşıladığı əsl mahiyyət, eləcə də Azərbaycanda İslam dininin tarixi, ölkəmizdə mövcud tolerantlıq və İslam həmrəyliyi barədə məlumat veriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.




.jpg)