31.08.2017
Dini maarifləndirmə layihələri uğurla icra olunur
Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yardımlı rayonu Avaş kəndi “İmam Museyi Kazım” məscidi dini icmasının “Radikal meyillərə qarşı mübarizədə dindarların rolu” layihəsi çərçivəsində “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev,Yardımlı RİH başçısının Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ərəstun Əliyev, Yardımlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli qeyd edib ki, dövlətimiz multikultural dəyərlərə və tolerantlıq ənənələrinə hər zaman böyük önəm verib. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev ötən ili “Multikulturalizm ili”, bunun davamı olaraq bu ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib.
Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev və başqaları çıxışlarında ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi önəmdən və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıblar.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.