29.11.2016
Dini maarifləndirmə işləri davam etdirilir
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Səbail rayonu İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Aslan Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini və milli-mənəvi dəyərlərimizin rolu ilə bağlı məruzə ilə çıxış edib. Xalqımızın hər zaman milli-mənəvi dəyərləri diqqət mərkəzində saxladığını və milli-mənəvi dəyərlərimizin Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra QMİ-nin sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli mövzu ilə bağlı öz fikirlərini bildiriblər.