Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2015

Dini maarifləndirmə ilə bağlı tədbirlər uğurla davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Bakıda və regionlarda tədbirlər davam etdirilməkdədir.Oktyabrın 31-də Qusar şəhər “Mustafa Kazdal” məscidi dini icmasında “Dindarlar radikalizmə qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, “Mustafa Kazdal” məscidinin sədri Fəryəddin Rəhimxanov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin dini icma sədri Fəryəddin Rəhimxanov tədbirin keçirilməsinin əsas məqsədinin dini radikalizm, eləcə də radikalizmlə mübarizə vasitələri barədə iştirakçıları maarifləndirməkdən ibarət olduğunu bildirib. 
Daha sonra DQİDK-nın şöbə müdiri Nahid Məmmədov tədbirdə geniş məruzə ilə çıxış edərək dini radikalizmin cəmiyyətə və bütövlükdə bəşəriyyətə vurduğu sağalmaz yaralardan bəhs edib. O, bildirib ki, hal-hazırda dünyanın bir çox qaynar nöqtələrində yaranan müharibələrin əsas səbəbi dini radikalizmdir.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar. Tədbirin sonunda məscidə DQİDK-nın nəşr etdiyi ədəbiyyatlar təqdim olunub və dindarlar mövzu ətrafında fikir mübadiləsi aparıblar.
 
*** 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər rayonu Qala kənd məscidi dini icması tərəfindən “Şəhidlik zirvəsi və Azərbaycan şəhidləri” layihəsi çərçivəsində oktyabrın 29-da “Dini ekstremizm və şəhidlik” mövzusunda ikinci maarifləndirmə tədbiri keçirilib.
Xəzər rayonu Qala qəsəbə məscidində keçirilən tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Quliyev,  Qala kənd məscidi dini icmasının sədri Süleyman Süleymanov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev şəhidlik anlayışı haqqında geniş məlumat verib, bəzi hallarda dini ekstremist dairələrin şəhidlik kimi müqəddəs anlayışı istismar etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği və dini ekstremizmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərdən söhbət açılıb. Daha sonra çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rövşən Quliyev bu layihələrin dini icmaların fəaliyyətinə müsbət təsir göstərdiyini və əhəmiyyətli olduğunu bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.