Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.01.2013

Dini konfessiya rəhbərləri: Azərbaycandakı dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modeli digər ölkələr üçün nümunədir (Video)

Müxtəlif dinlərin və millətlərin nümayəndələri Azərbaycanda sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar.Bu sözləri Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein yanvarın 30-da AzərTAc-a müsahibəsində demişdir. Ümummilli lider Heydər Əliyevin “Çoxmillətlilik bizim zənginliyimizdir” sözlərini xatırladan A.İşein Azərbaycanda islamla yanaşı, xristianlığın və yəhudiliyin də dərin köklərinin olduğunu söyləmiş, ölkəmizdə hər kəsin müxtəlif dini bayramları sərbəst şəkildə qeyd etdiyini vurğulamışdır.  Azərbaycanda fərqli dinlərə mənsub insanlar arasında çoxsaylı nikahların olduğunu deyən arxiyepiskop qeyd etmişdir ki, ölkə parlamentində, ali təhsil müəssisələrində müxtəlif millətlərin nümayəndələri ortaq maraqlarla çalışırlar. Bütün bunlar Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafından xəbər verir.
Azərbaycandakı tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modeli digər ölkələr üçün nümunədir. Bu sözləri Bakı Dağ Yəhudiləri Dini İcması İdarə Heyətinin sədri Milix Yevdayev bildirmişdir. O, qeyd etmişdir ki, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, Azərbaycanda hər kəs öz dini mərasimlərini rahat həyata keçirir, sərbəst şəkildə ibadət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözlərini xatırladan M.Yevdayev dövlətimizin başçısının ölkəmizdə yaşayan milli azlıqlara və dini icmalara diqqət və qayğısını xüsusi vurğulamışdır. Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə edilən uğurların onları çox sevindirdiyini söyləyən Bakı Dağ Yəhudiləri Dini İcması İdarə Heyətinin sədri azsaylı xalqlara ölkəmizdəki kimi diqqət və qayğının göstərilməsinin nadir hal olduğunu bildirmişdir.