19.01.2017
Dini icma sədrləri və din xadimləri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göyçay rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə Göyçay rayonunun Şəhidlər Xiyabanı Kompleksini ziyarət ediblər.
Dini icma sədrləri və din xadimləri Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad ediblər.
Anım mərasimində iştirak edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov çıxışlarında bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan tarixində milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Daha sonra Göyçay şəhər Əbülfəzlil Abbas məscidində davam edən anım tədbirində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rasul Kazımov, Cavid Səfərov və 20 Yanvar şəhidi Mehman Muradovun qardaşı Mehdi Muradov qeyd ediblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli hadisə törədilib. Natiqlər, eyni zamanda 20 Yanvar qətliamının dəhşətlərindən danışıblar.
Qeyd olunub ki, Sovet imperiyası günahsız insanların qanını axıtsa da, milli qürurumuzu qıra bilmədi.