Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.06.2021

“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı onlayn seminar keçirilib

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı  onlayn seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, Rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktor müavini Həqiqət Qədimova, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, bölgədə fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib, dini sahədəki mövcud qanunvericilik bazası haqqında danışılıb və bu sahədə əmin-amanlığın, sabitliyin təmin edilməsi məqsədi ilə dövlətimiz tərəfindən görülən mühüm və ardıcıl işlər barədə məlumat verilib. Qeyd edilib ki, DQİDK QMİ və geniş ictimaiyyət nümayəndələri ilə birgə dini xurafata, fanatizmə, radikalizmə və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, zəngin tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin ənənəvi İslam dəyərlərinin qorunub saxlanması  istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər həyata keçirir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.