Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.12.2016

“Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbir keçirilib

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəki şöbəsinin təşəbbüsü ilə Şəki Texnologiya Kollecində “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, DTX-nın Şəki şöbəsinin əməkdaşları Natiq Musayev və Ramil Əmrahov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, kollecin pedaqoji kollektivi və tələbələr iştirak ediblər.           
Kollecin direktoru Oxşar Sədiyev tədbirin əhəmiyyətindən söz açıb, dini ekstremizm, radikal dini cərəyanların meydana gəlməsinin, ölkə ərazisində yayılmasının mənfi hal olduğunu bildirib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev terrorçuluğun forma və mahiyyəti haqqında danışıb. Qeyd edib ki, dünyada baş verən qloballaşma şəraitində terror bütün bəşəriyyətə meydan oxuyan təhlükədir. Müasir zamanda terroçuluğun və dini ekstremizmin əsas hədəfləri ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, hakimiyyəti ələ keçirməyə, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəlib. Natiq çıxışında terrorçuluqla mübarizəyə toxunaraq bildirib ki, 1999-cu il iyunun 18-də qəbul edilmiş “Terrorçuluqla mübarizə haqqında” Qanunla ölkəmizdə terrorla mübarizənin hüquqi və təşkilati əsasları müəyyən edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov Azərbaycanda mövcud multikultural və tolerant dəyərlərdən, dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyətindən danışıb. Bildirib ki, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmamaları üçün gənclərlə məqsədyönlü iş aparılması vacibdir.