Din xadimləri və gənclər “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunu müzakirə ediblər
Sentyabr 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Sülh aylığı” çərçivəsində Qəbələ rayonunda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın əməkdaşı Zaman Şirinov keçirilən videokonfransın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Qəbələ rayon mərkəzi Cümə məscidinin imam müavini Taleh Şirinov çıxışı zamanı qeyd edib ki , hər bir xalq mənəvi dəyərlər sisteminə malikdir. Dünya xalqları arasında özünəməxsus dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət ənənələri, milli xüsusiyyətləri ilə xüsusi yer tutur.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.

