Din xadimləri "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunu müzakirə ediblər
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda onlayn formatda seminar keçirilib.
Seminarda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, həmçinin Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. O da vurğulanıb ki, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi yolverilməzdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

