DQİDK dini icmaların sosial problemlərin həllinə cəlb edilməsi istiqamətində mühüm addım atdı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Respublikanın müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” layihəsinin təqdimatı keçirilib. Dövlət Komitəsindən verilən məlumata görə müsabiqə, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birgə həyata keçiriləcəkdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov dini icmaların nümayəndələrini Ramazan ayı münasibəti ilə təbrik edərək bildirdi ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Bu baxımdan Ramazan ayı gözəl fürsətdir və dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdır. Yəni insanlar məscidə təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici məkan kimi baxmalıdırlar. Ona görə də, bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət və missiya düşür. “ Ramazan vəhdət, qardaşlıq və yardımlaşma ayıdır. Bu ayda birliyimizin, o cümlədən cəmiyyətdə ictimayi həmrəyliyin güclənməsinin ən vacib üsullarıdnan biri sosial problemlərin həllində birgə iştirakdır. Ramazan ayında icmalar təbliğatlarını təkcə dini məsələlər ətrafında deyil, həm də vətənimizin, dövlətimizin və cəmiyyətimiz üçün ümummili maraqlar müstəvisində qurmalıdırlar. Bu baxımdan icmalar dövlət qurumları və cəmiyətlə birgə fəaliyyət göstərdikləri bölgələrin sosial problemlərinin həllində fəal rol oynamalıdılar. Həmçinin fəaliiyətlərində ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz, onların ailələri, qazilərimiz ön planda olmalı, xütbələrdə, dualarda onlar həmişə uca tutulmalıdırlar.”
Dövlət Komitəsinin sədri qeyd edib ki, son bir ildə ölkəmizdə fəaliyyət göstərən dini icmaların cəmiyyətə inteqrasiyasında ciddi irəliləyişlər var. “Biz bunu həm regionlarda, həm də Bakıda müşahidə edirik. Dini icmaların Dövlət Komitəsi tərəfindən keçirilən müxtəlif tədbirlərdə, layihələrdə iştirakı onların cəmiyyətə daha çox inteqrasiya olmasına səbəb olub. O cümlədən artıq dini icmaların nümayəndələrinin fəaliyyətləri əvvəllər yalnız məscidlərlə məhdudlaşırdısa, bu gün icmaların səsi artıq konfransları zalları, imcəlik, idman turnirləri və vətənpərvərlik sahsindəki tədbirərdən gəlir. Artıq dini icmalar cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.”
Elşad İskəndərov çıxışı zamanı sosial layihələrə dəstək proqramından danışaraq bildirib ki, Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalar üçün sosial layihələrə dəstək sahəsində müsabiqəsinin əsas məqsədi dini icmaların və dindarların cəmiyyətə inteqrasiya olunması və onların cəmiyyət həyatında konstruktiv iştirakının gücləndirilməsi, dini icmaların sosial həyatda faydalı fəaliyyətə cəlb olunması, eləcə də ölkəmizdə dözümlülük prinsiplərinin artırılmasıdır. “Bu layihələr müxtəlif formalarda ola bilər. Məsələn, ekologiya sahəsi üzrə ətraf mühitin təmizlənməsi, ağacəkmə kampaniyaları və s. ola bilər. Eyni zamanda dini icmalar kimsəsiz uşaqlarla bağlı layihələr təqdim edə bilərlər. Onların cəmiyyətdə öz yerini tutması istiqamətində tədbirlər həyata keçirə bilərlər. Gənclərin marrifləndirilməsi üçün müxtəlif kurslar təşkil edilə bilər. Həmçinin qadınların da bu layihələr cəlb edilməsi zəruridir. Məsələn, dini icmalar icmanın nəzdində müxtəlif kurslar təşkil edə bilərlər. Toxuculuq, tikiş kursları kimi. Bu həm orada çalışacaq qadınların cəmiyyətə inteqrasiyasını, həm də iqtisadi durumunun yaxşılaşmasını təmin edəcəkdir.”
Daha sonra İKGF-nin Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihə barədə dini icmalara məlumat verib. Bildirib ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. İKGF tərəfindən dəstək üzrə həyata keçiriləcəyini bildirən natiq, sosial layihələrin tələbləri barədə məlumat verən E. Əsgərov qeyd edib ki, layihə dini icmanın və dini icma üzvlərinin təmsil olunduqları yaşayış məkanında cəmiyyət üçün faydalı fəaliyyətin həyata keçirilməsinə yönəldilməli, dini icma üzvlərinin cəmiyyətdə aktivliyinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə xidmət etməli, konkret, qiymətləndirilə biləcək nəticələri olmalıdır. Təqdim olunan sosial layihələrin istiqamətləri barədə məlumat verən E. Əsgərov bildirib ki, əsas 4 istiqamət üzrə - ekoloji mövzular, yetkinlik yaşına çatmış kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyası, gənclərin qeyri-formal təhsili, qadınların ictimai həyatdakı aktivliyinin artırılması - layihələr qəbul olunacaq.
Sosial layihələrə dəstək verilmə qaydaları və şərtlərini açıqlayan E. Əsgərov qeyd edib ki, layihələr üzrə bir qrantın həcmi 5000 (beş min) AZN məbləğinə qədərdir. “Müsabiqədə qalib gəlmiş layihələr üçün qrantlar üzrə ödənişlər iki mərhələdə həyata keçirilir. İlkin mərhələ çərçivəsində görülən işləri dəyərləndirən Ekspertlər Şurası layihənin ikinci mərhələsi üçün nəzərdə tutulan qalan maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq qərar verir.” E. Əsgərov onu da əlavə etdi ki, Sosial layihələr üzrə qrant üçün müraciət edən dini icmalar Azərbaycan Respublikası ərazisində hüquqi qeydiyyata malik olmalı və aktiv fəaliyyətləri ilə fərqlənməlidirlər.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev və digərləri Dövlət Komitəsinin təşəbbüsünü dövlət-din münasibətlərində yeni mərhələ kimi xarakterizə edib. Bildirilib ki, bu cür layihələrə dövlətin birbaşa dəstəyi bu din sahəsinə olan diqqətinin nümunəsidir.
DQİDK-nın mətbuat xidməti