Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.06.2017

Digahda maarifləndirici tədbir keçirilib

İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayon Digah qəsəbə məscidi dini icması tərəfindən “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır” layihəsi çərçivəsində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları İsmayıl Cəfərov, Şahlar Məmmədov, dini icmanın sədri Rza Salmanov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R. Salmanov bildirib ki, dövlətin dinə, dindarlara göstərdiyi qayğı təqdirəlayiqdir. Dini icmalara maarifləndirmə tədbirlərinin keçirilməsi üçün göstərilən dəstək də bunun tərkib hissəsidir.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov diqqətə çatdırıb ki, müasir dövrdə ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək dövlət siyasətinin prioritetlərindəndir. O qeyd edib ki, dini etiqad azadlığı ilə bağlı normativ-hüquqi aktların icrasının təmin olunmasına  nəzarət, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Daha sonra çıxış edən Şahlar Məmmədov əvvəlcə dövlətçiliyimizin dərin tarixi, möhkəm təməlləri və əsas prinsipləri haqqında danışıb.
Natiq bildirib ki, dünyanın qarşıdurmalarla gərgin bir vaxtında ölkəmizdə mövcud olan sabitliyin, əmin-amanlığın qorunması və gələcək nəsillərə ötürülməsi bugünkü gəncliyin üzərinə düşən bir vəzifədir.
Sonda tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılıb.