30.10.2015
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində zabit heyəti ilə görüş keçirilib
Oktyabrın 30-da Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında təsdiqlənmiş tədbirlər planına əsasən “Dini radikalizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin təşkili” mövzusunda Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib.
Görüşdə mövzu üzrə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov radikalizmin mahiyyəti və onu doğuran başlıca səbəblərini vurğulayıb. Komitə sədrinin müavini İslam ölkələri arasında birliyin olmaması dini ekstremizm və terrorizmə qarşı vahid mübarizə strategiyasının ortaya qoyulmasını təəssüf hissi ilə qeyd edərək, bəzi Qərb ölkələrinin öz geosiyasi və geoiqtisadi maraqları naminə Yaxın Şərq ölkələrində dini zəmində münaqişələrin genişləndirilməsi cəhdlərindən, ona qarşı "imitasiya, görüntü xarakterli "mübarizə"dən və nəticədə İslam dini ilə heç bir əlaqəsi olmayan “İŞİD” kimi terrorçu “dövlət”in yaranması məqsədlərindən danışıb.
DQİDK-nın sədr müavini Dünyəvilik prinsipləri ilə idarə edilən dövlətlərə dindarların hüquqlarının müdafiəsi, eləcə də İslam qanunları ilə idarə olunan dövlətlərə isə “demokratik” prinsiplərin təlqin olunması adı altında siyasi, hərbi müdaxilələrin edilməsinin acı nəticələri barədə geniş məlumat verib.
S. Heydərov ölkəmizdə DQİDK tərəfindən gənclərin dini radikalizmin təsiri altına düşməməsi üçün ideoloji müstəvidə kompleks mübarizə tədbirlərinin, eyni zamanda dini maarifləndirmə işlərinin həyata keçirildiyini vurğulayıb. Dövlət Komitəsinin sədr müavini onu da bildirib ki, DQİDK bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.
Dövlət Komitəsinin sədr müavini S. Heydərov bir daha hər kəsi radikalizmlə mübarizədə fəal olmağa çağırıb.