Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2015

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb

Avqustun 25-də Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Rövşən Rzayev, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaslı, eləcə də rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, Azərbaycan hökuməti dinə xüsusi qayğı göstərir, bu gün də Ulu Öndərin dinlə bağlı siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Konfransda mövzu ilə bağlı DQİDK-nın sədri Mübariz Qurbanlının “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Komitə sədri çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqilliyimizin, iqtisadi və sosial inkişafımızın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb. O qeyd edib ki, Azərbaycan dövlətinin böyük uğurudur ki, bizim milli müstəqilliyimiz dünya tərəfindən qəbul edilir və biz müstəqilliyimizi 24 ildir ki qoruyuruq. Mübariz Qurbanlı bildirib ki, gələcək nəsillərə də müstəqilliyimizi daha da inkişaf etmiş, iqtisadi cəhətdən daha çox təmin edilmiş, ərazi bütövlüyümüz bərpa edilmiş şəkildə təqdim etməliyik. Bu bizim əsas missiyamızdır.
Komitə sədri Azərbaycanda dini sabitliyin hökm sürdüyünü, ölkəmizdə dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşıldığını, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində bir çox tədbirlər həyata keçirildiyini deyib.
Daha sonra Milli Məclisin deputatı Rövşən Rzayev, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaslı mövzu ilə bağlı çıxış edərək, ölkədəki dini durum, radikalizmə qarşı mübarizə, dini maarifləndirmə işinin səmərəli təşkili barədə fikirlərini bölüşüblər.
Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri Mübariz Qurbanlı Daşkəsən şəhərindəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
Qeyd edək ki, konfrans avqustun 26-da işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.