26.08.2015
Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb
Avqustun 26-da konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirib. İclasda Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini təhsil sektorunun müdiri Anar Əlizadə, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövsuzunda çıxış edərək gənclərin zərərli təriqətlərin təbliğindən qorunması üçün milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. Gündüz İsmayılov bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Daha sonra Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı” mövzusunda məruzəsi dinlənilib. Ruslan Əsgərov sosial mediada dini təbliğatın xarakterik xüsusiyyətləri, sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsiri, zərərli dini cərəyanların sosial media vasitəsilə sıralarını genişləndirməsi, təhlükəli çağırışlar səsləndirmələri, öz aralarında məlumat mübadiləsi aparmaları və bu problemlərdən çıxış yolları barədə ətraflı məlumat verib.
“Azərbaycanda missionerlik fəaliyyəti” barədə məruzə ilə çıxış edən Dini təhsil sektorunun müdiri Anar Əlizadə Azərbaycanda fəaliyyət göstərən əsas zərərli missioner qruplar, onların xarakterik cəhətləri barədə danışıb.

.jpg)
.jpg)