Cocuq Mərcanlıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub
Oktyabrın 26-da Cəbrayıl Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakaşiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, müəllimlər, yuxarı sinif şagirdləri və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd məscidinin imamı və dini icmanın sədri Elman Piriyev, gənclərin zərərli vərdişlərdən qorunmasının zəruriliyini dinləyicilərin nəzərinə çatdırıb.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda çıxış edib. Bildirib ki, erkən nikah uşaqların hüquqlarının pozulmasıdır və bəzi hallarda məktəbli qızların təhsildən yayınmasına səbəb olur. Erkən nikah quran qızlar həm öz sağlamlığını həm də dünyaya gələcək uşaqların sağlamlığını təhlükəyə atırlar.
Daha sonra çıxış edən RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakaşiyev və məktəbin direktoru Zamin Həziyev erkən nikaha məcbur edilən qızlar arasında məktəblilərin hüquqlarının pozulması, ana və uşaq ölümü hallarının çoxalması, doğulan uşaqlarda problemlərin olması kimi məsələlərə toxunublar. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacib olduğunu vurğulayıblar.
Sonda dinləyicilər tərəfindən verilən suallar cavablandırılıb.


