24.02.2018
Cocuq Mərcanlıda maarifləndirmə tədbirləri davam etdirilir
Fevralın 23-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, kənd sakinləri, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev şəhidlərin ruhuna dua oxuyub, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Elman Piriyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Şuşa məscidinin oxşarı olan məscid Cocuq Mərcanlıda tikilib. Dövlət başçımızın Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. Azərbaycan əsgərlərinin aprel döyüşlərində göstərdiyi vətənpərvərlik və şücaət bizim qürur yerimizdir. Bu günkü mövzu da bu cəhətdən çox aktualdır.
Sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda ətrafında çıxış edərək dövlətin gənclər siyasətini və onlara göstərilən qayğını xüsusi vurğulayıb. Bilirib ki, bu məsələ dövlətimizin daim diqqət mərkəzində olan bir sahədir və gənclərimizi elə tərbiyə etməliyik ki, öz vətənlərini göz bəbəyi kimi qorusunlar.
Məruzə ətrafında çıxışlarda Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, kənd sakini Afər Seyidəliyev bildiriblər ki, bu mövzuda keçirilən tədbirlər Azərbaycan gənclərinin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında və hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Qeyd edək ki, layihə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı çərçivəsində keçirilib.
.jpg)

