Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2018

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Şəki Penitensiar Müəssisəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Yusif Yusifli, Şəki şəhəri mərkəzi Cümə məscidi dini icmasının imamı Müşfiq Xəlilov, penitensiar müəssisənin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elçin Cəfərov və məhkumlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan penitensiar müəssisənin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elçin Cəfərov keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Yusif Yusifli bildirib ki, gözəl dinimiz İslam insan haqlarına böyük önəm verir, insanların hüquqları ilə bağlı ən gözəl ölçüləri ortaya qoyur və insanların bir-birinin haqlarına hörmətlə yanaşmasını istəyir.  İslam dininin sülhsevər, humanist və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb.

Sonda çıxış edən Şəki şəhəri mərkəzi Cümə məscidi dini icmasının imamı Müşfiq Xəlilov “İslamda qul haqqı” mövzusunda geniş danışıb. Natiq qeyd edib ki, bizim üçün ən gözəl örnək olan peyğəmbərimiz qul haqqına son dərəcə həssas yanaşıb, heç kimi incitməməyə və hər kəsə layiq olduğunu verməyə çağırıb. 

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.