15.01.2016
Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi ilə birgə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda tədbirləri davam etdirir.
Yanvarın 14-də 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda və eləcə də Azərbaycan Respublikasının “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04.12.2015-ci il tarixli qanununun izahı ilə əlaqədar növbəti tədbirlər keçirilib.
Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin müdir müavini Ceyhun Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi iştirak ediblər. Xüsusi kontingentin maraqla qarşıladığı tədbirlərdə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparılıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verilib. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı məhkumların diqqətinə çatdırılıb.