19.07.2018
Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 12 və 13 saylı cəzaçəkmə müəssisələrində “Ekstremizmə qarşı mübarizənin əsas məqsədləri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Elşən Əbdürrəhmanov, adıçəkilən cəzaçəkmə müəssisələrinin tərbiyə işləri üzrə rəis müavinləri Ələsgər Əliyev və Mehman Beydullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli, eləcə də Penitensiar Xidmətin əməkdaşları və məhkumlar iştirak ediblər.
Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Elşən Əbdürrəhmanov cəzaçəkmə müəssisələrində keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
DQİDK-nın əməkdaşı Bəhruz Orucov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə metodları barədə məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən natiq dövlətin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən söz açıb. O bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək dinlərarası və məzhəblərarası tolerantlıq mövcuddur. Natiq, həmçinin dini radikalizm və ekstremizmə qarşı məzhəblərarası vəhdətin əhəmiyyətini vurğulayıb.
Sonda məhkumları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)