29.09.2016
Cəzaçəkmə müəssisələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir sentyabrın 29-da Penitensiar xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda keçirilib. Tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Zeynəb Tayıbova iştirak ediblər.
Tədbirdə Azərbaycan qadının cəmiyyətdə rolu, İslamın qadına verdiyi dəyər, təlim-tərbiyə işində qadınların üzərinə düşən məsuliyyət, xurafatla və dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub.
Daha sonra mövzu ilə əlaqədar məhkumların sualları cavablandırılıb.
Tədbirin sonunda məhkumlara qonaqlar tərəfindən DQİDK-nın nəşri olan dini ədəbiyyatlar hədiyyə edilib.