Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.01.2020

Cənub bölgəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

 

17 və 18 yanvar tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Astara Rayon Təhsil Şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Astara və Lənkəranda tədbirlər keçirilib.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəliyi, Lənkəran rayon Osakücə kənd məscidi və Astara rayon Artupa kənd tam orta məktəbində baş tutan tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Turan Həsənzadə Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin mühüm tərkib hissəsi olan 20 Yanvar hadisələri haqqında danışılıb. 1990-cı ilin 20 yanvarında baş verən faciəvi hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Natiqlər İslam dinində şəhidlik məqamının ucalığından bəhs edərək Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını qeyd ediblər. Həmçinin, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı oxunub.