23.08.2017
Cəmiyyətimizdə tolerantlıq ənənələri formalaşıb
Avqustun 22-də Ağcabədi şəhər “Cümə” məscidi dini icması “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri M. Rzayev mövzunun əhəmiyyətindən danışıb. Natiq ölkəmizdə mövcud olan tolerantlıq ənənələri barədə geniş məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı C. Məlikzadə “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” mövzusunda məruzə ilə çıxış edib. O məruzəsində bildirib ki, cəmiyyətimizdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri dini radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir. Respublikamızdakı bütün dinlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.